09
Noyabr

9 Noyabr

Xarici media

Gürcüstan mətbuatı noyabrın 9-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünyanın aparıcı KİV-lərinə müsahibəsindən, yeni ərazilərin erməni işğalından azad edilməsi, eləcə də şanlı Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı xilaskarlıq əməliyyatları barədə silsilə məlumatlar yayıb.

“report.ge”, “24news.ge”, “interpressnews.ge”, “aktual.ge”, “interpress.ge” informasiya portalları, eləcə də bir sıra televiziyalar oxuculara və tamaşaçılara Azərbaycan, rus, ingilis və gürcü dillərində məlumatlar təqdim ediblər.

Materiallarda Müzəffər Ali Baş Komandana istinadən daha 30-dan çox Azərbaycan kəndinin erməni işğalından azad edildiyi, Prezident İlham Əliyevin Azərbaycanda xeyli sayda erməninin sülh və təhlükəsizlik şəraitində yaşaması barədə açıqlaması, eləcə də dövlətimizin başçısının Qafqazda 3 ölkənin birgə sülh şəraitində yaşamasını görmək istəyi barədə fikirləri daha çox maraq doğurub.

Bundan başqa, şanlı Azərbaycan Ordusunun bir əlində silah, bir əlində bayraqla növbəti hədəflərə doğru irəlilədiyi, erməni silahlı birləşmələrinin hərbi texnika və canlı qüvvələrini dəqiq atəşlə məhv etməsi barədə silsilə məqalələr, işğaldan azad edilmiş Şuşa şəhərindən videomateriallar təqdim olunub.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.