09
Noyabr

9 Noyabr

Xarici media

Misirin kütləvi informasiya vasitələrində ölkəmizin Qahirədəki səfirliyinin Azərbaycanın Dövlət Bayrağı Günü haqqında hazırladığı məqalə yayılıb.

Misirin "Almasryalyoum”, “Akhbarelyom”, “Dostor” və “Aldiplomasy” informasiya portallarında dərc olunan məqalədə 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə bu əlamətdar günün hər il ölkəmizdə geniş qeyd olunduğu bildirilir. Vurğulanır ki, ötən illərdən fərqli olaraq, bu il şanlı bayrağımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən düşmən tapdağından azad edilən torpaqlarımızda dalğalanır.

Məqalədə diqqətə çatdırılır ki, müstəqillik illərində Azərbaycanın dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik atributuna çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirməsi, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənməsi, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan etməsi məqalədə xüsusi vurğulanıb.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin olduğu ayrıca qeyd edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.