Xarici media
Avstraliyanın nüfuzlu “SBS news” portalı Azərbaycan Ordusunun Dağlıq Qarabağın strateji şəhəri hesab olunan Şuşanı azad etməsindən yazıb.
Portalın yaydığı məlumatda Şuşanın azad edilməsi Azərbaycan Ordusunun altı həftədir davam edən əməliyyatları arasında ən uğurlusu hesab olunur. Şəhərin coğrafi mövqeyinin də yer aldığı məqalədə qala-şəhərin qayalar üstündə, Dağlıq Qarabağın mərkəzi şəhəri hesab edilən Xankəndi ilə Ermənistanı birləşdirən yol üzərində yerləşdiyi qeyd edilir.
Şuşanın azad edilməsi barədə məlumatın bazar günü Azərbaycan Prezidenti İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətində öz əksini tapdığı vurğulanır.
Hərbi geyimdə çıxış edən Azərbaycan Prezidentinin müraciətindən gətirilən sitatda deyilir: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!”
Məqalədə Azərbaycan bayrağının qarşısında dayanan Prezident İlham Əliyevin çıxışından gətirilən növbəti sitat da isə bildirilir: “Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz”.
Yazıda dövlətimizin başçısının bu müraciətindən sonra paytaxt Bakıda yaşanan sevinc və fərəhin yaratdığı böyük coşqudan da bəhs olunur. Bildirilir ki, əllərində Azərbaycan bayraqlarını dalğalandıran şəhər sakinləri bir-birini təbrik edir, avtomobillərin siqnal səslərindən isə qulaq tutulur.
Şuşanın tarixi haqqında verilmiş məlumatda qeyd edilir ki, ötən əsrin 90-cı illərində başlanan münaqişəyə qədər bu şəhərin sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edib.
Məqalədə sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarından sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması və ötən 6 həftə ərzində işğal altında olan ərazilərin böyük bir hissəsini azad etdiyi bildirilir.
Azərbaycanın əsas müttəfiqi olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşanın azad olunmasından sonra Bakını təbrik etdiyi, bunun işğal altında olan digər torpaqların tezliklə azad ediləcəyinə bir işarə olduğunu bildirdiyi də qeyd edilir.