09
Noyabr

9 Noyabr

Xarici media

İndoneziyanın kütləvi-informasiya vasitələri Azərbaycan Ordusunun keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində Şuşa şəhərinin işğaldan azad olunmasını geniş işıqlandırıb.

İndoneziyanın “respublika.co.id”, “inews.id”, “kompas.tv”, “minanews.net”, "medcom", “senayapost.com” və digər KİV-ləri bu tarixi hadisənin elan olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında xalqımıza etdiyi müraciətindən sitatlara geniş yer veriblər.

Məqalələrdə 28 ildən bəri işğal altında saxlanılan Şuşanın düşmən tapdağından azad edildiyi vurğulanıb. Azərbaycan Prezidentinə istinadla bildirilib ki, 30 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesi heç bir nəticə verməyib. Qeyd edilir ki, hazırda Azərbaycan Ordusu problemin hərbi yolla mümkünlüyünü döyüş meydanında sübuta yetirir.

Məlumatlarda qeyd olunub ki, uzun müddət işğal altında qalan əzəli Azərbaycan torpaqları rəşadətli Azərbaycan Ordusunun böyük qəhrəmanlığı ilə azad edilir. Ermənistan tərəfi isə danışıqlar prosesindən sadəcə vaxt qazanmaq, status-kvonu möhkəmləndirmək üçün istifadə etməyə çalışıb.

Azərbaycan Prezidentinin Şuşanın azad edilməsi barədə müraciətindən sonra Bakının küçələrinə axışan paytaxt sakinlərinin bu qələbəni böyük sevinc və coşqu ilə qeyd etməsinə də geniş yer verilib.

Məqalələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat verilərək, işğal altındakı Dağlıq Qarabağ regionunun və ətraf rayonların beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanındığı vurğulanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.