09
Noyabr

9 Noyabr

Xarici media

Azərbaycanın əziz bayramı – Bayraq Günündə Şuşada dalğalanan dövlət bayrağı igid azərbaycanlı əsgərlərin Ermənistan silahlı qüvvələri üzərində parlaq qələbəsinin rəmzinə çevrilib.

Misirin “Aldiplomasy” internet portalının baş redaktoru Əşrəf Əbo Urafənin məqaləsi bu sözlərlə başlayır.

Misirli jurnalist qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında ən mühüm qələbəsi məhz Bayraq Gününə təsadüf edib. 2009-cu il noyabrın 18-də Prezident İlham Əliyevin fərmanı ilə təsis edilən bu əlamətdar bayram bu il işğal altındakı ərazilərin azad olunması və dövlət bayrağının Şuşa şəhərində dalğalanması fonunda qeyd edilir.

Müəllif yazır ki, paytaxt Bakıda və Azərbaycanın digər şəhərlərində insanlar küçələrə çıxaraq Müzəffər Ali Baş Komandanı və Azərbaycan Ordusunun qələbələrini alqışlayıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.