Xarici media
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin “BGONAİR” televiziya kanalına və “DARİK” radiosuna müsahibə verib.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova təcavüzkar qüvvələrin ölkəmizin işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də yerinə yetirilmədiyini diqqətə çatdırıb.
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə, ətraf 7 rayonu işğal etməsi faktına diqqət çəkən səfir işğal olunmuş ərazilərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, həmçinin qeyri-qanuni məskunlaşdırma siyasəti aparıldığını qeyd edib. Son bir neçə gün ərzində Ermənistan tərəfindən Azərbaycan kəndlərinin və mülki əhalinin atəşə tutulduğunu, nəticədə mülki əhali arasında ölən və yaralananların olduğunu vurğulayan N.Qurbanova cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinə ballistik raketlərlə hücumun bunun bariz nümunəsi və insanlıq əleyhinə cinayət olduğunu deyib. Bu xüsusda qeyd olunub ki, Azərbaycan tərəfi Cenevrə Konvensiyasına uyğun olaraq mülki əhalini hədəfə almır.
Münaqişənin tarixi barədə məlumat verən səfir ölkəmizin ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşdüyünü, Azərbaycan tərəfinin münaqişənin siyasi yolla həll edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
N.Qurbanova vurğulayıb ki, əvvəlki cinayətkar hərbi xuntanı devirən Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanda rəhbərlik dəyişikliyi əvvəllər münaqişənin həllində müəyyən ümidlərə yol açsa da, yeni baş nazir ölkədə inkişaf vədləri yerinə yetirmək iqtidarında ola bilməməsi, daxili siyasi gərginlik və xalqının narazılığı fonunda münaqişə ilə bağlı mövqeyini radikallaşdırıb. Türkiyə və ya muzdluların Azərbaycan tərəfindən münaqişəyə cəlb olunmasını təkzib edən səfir qardaş ölkənin münaqişə tərəfi kimi iştirakı barədə erməni tərəfinin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını, Azərbaycanın strateji tərəfdaşı olmasına baxmayaraq, Minsk qrupunun üzvü olan Türkiyənin münaqişədə iştirak etmədiyini, ölkəmizə siyasi dəstək göstərdiyini və Ordumuzun öz xalqının və ərazisinin müdafiəsini təmin etmək üçün hazırlıqlı olduğunu qeyd edib. Bildirilib ki, Ermənistan tərəfindən çox sayda əcnəbi muzdlular və terrorçuların döyüşməsinə dair faktlar mövcuddur.
Bundan əlavə, Azərbaycanın Ermənistan ərazisində nə hərbi, nə də mülki hədəfinin olmadığını deyən diplomat BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın özünümüdafiə və işğal olunmuş ərazilərini azad etmək hüququna sahib olduğunu vurğulayıb.