Xarici media
Perunun dövlət televiziya kanalı “TV Peru”nun tanınmış “Geo Mundo” verilişinin 31 oktyabr buraxılışı bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Veriliş ərzində səfir Məmməd Talıbovun münaqişə haqqında müsahibəsi efirə gedib.
Müsahibədə səfir Ermənistanın 1988-ci ildən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyünü, 1991-94-cü illər ərzində isə Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, həmin ərazilərdə etnik təmizləmə apararaq bir milyona yaxın azərbaycanlını oradan qovduğunu bildirib.
BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı qəbul olunmuş qətnamələrdə Azərbaycan işğal atındakı ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasının, məcburi köçkünlərin evlərinə qayıtmasına şərait yaradılmasının tələb edildiyini söyləyən diplomat Ermənistanın işğal faktını qoruyub saxlamaq siyasətindən əl çəkməyərək həmin sənədlərin tələblərini bu günədək yerinə yetirmədiyini, habelə problemin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda davamlı şəkildə qeyri-konstruktiv mövqe sərgilədiyini, bu səbəbdən danışıqların 28 il ərzində heç bir nəticə vermədiyini bildirib.
Qeyd edilib ki, Ermənistanın şovinist hökumətinin son iki il ərzində həyata keçirdiyi daha təcavüzkar hərbi-siyasi doktrina, bu ölkənin baş nazirinin danışıqlar prosesinin tamamilə pozulmasına səbəb olan “Qarabağ Ermənistandır və nöqtə”, müdafiə nazirinin isə “yeni ərazilər üçün yeni müharibələr” açıqlamaları, iyulda dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilmiş təxribat, həmçinin təxribat xarakterli digər bəyanat və addımların davamı olaraq işğalçı dövlət sentyabrın 27-dən ölkəmizə qarşı növbəti dəfə hərbi təcavüzə əl ataraq ordumuzun mövqeləri ilə yanaşı, mülki əhalini də hədəfə alıb. Yaranmış vəziyyətdə Azərbaycan Ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və işğal altındakı əraziləri azad etmək üçün özünümüdafiə hüququ çərçivəsində əks-hücum əməliyyatlarına başlayıb.
Regionda sülhün formulunun BMT qətnamələrinin icrası və Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması olduğunu deyən diplomat bunun Minsk qrupu çərçivəsində müəyyən edilmiş baza prinsiplərində də əksini tapdığını bildirib. Səfir qeyd edib ki, Azərbaycan çoxmədəniyyətli ölkədir, hazırda paytaxt Bakıda da erməni əsilli insanlar yaşayır, işğal edilmiş ərazilərdə yaşayan mülki ermənilərlə bağlı heç bir problem yoxdur. Ermənistan silahlı qüvvələri həmin əraziləri tərk etdikdən və azərbaycanlı məcburi köçkünlər geri qayıtdıqdan sonra hər iki xalqın nümayəndələri sülh şəraitində birgə yaşaya bilərlər.
Türkiyənin münaqişədəki rolu ilə bağlı sualı cavablandıran M.Talıbov qardaş dövlətin Cənubi Qafqaz ölkələrinin hər üçü ilə həmsərhəd olan yeganə ölkə olduğunu, regionda sabitləşdirici rol oynadığını, buradakı əsas iqtisadi layihələrdə birbaşa iştirak etdiyini, eyni zamanda, Minsk qrupunun üzvlərindən biri olduğunu və Azərbaycanı dəstəkləyən digər ölkələr kimi, beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini bildirib.
Qeyd edək ki, Ermənistanın Peruda akkreditə olunmuş səfiri ilə də müsahibənin efirə getdiyi verilişin sonunda müəllif münaqişə ilə əlaqədar vəziyyəti şərh edib. Bildirib ki, Ermənistanın Dağlıq Qarabağa iddialarının beynəlxalq hüquq baxımından heç bir əhəmiyyəti yoxdur və ərazilərin işğalı qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mətnindən sitat gətirən aparıcı bu sənədin də həmin ərazilərin Azərbaycana aid olduğunu, beynəlxalq hüququn Ermənistandan işğal etdiyi torpaqlardan çıxmasını tələb etdiyini söyləyib.