03
Noyabr

3 Noyabr

Xarici media

Misirin “Aldiplomasy” portalı Azərtacın müxbiri Oqtay Bayramovun “Azərbaycan müharibədə humanitar qaydalara əməl olunmasını tələb edir” sərlövhəli məqaləsini yayıb.

Məqalədə Misir ictimaiyyətinə məlumat verilir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də növbəti hərbi təxribatından sonra əks-hücum əməliyyatı keçirən Azərbaycan Ordusu döyüş meydanında qələbələr qazanaraq 4 şəhəri, 200-dən çox qəsəbə və kəndi işğaldan azad edib. Məğlubiyyətə uğrayan və darmadağın olan düşmən isə Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərini, kənd və qəsəbələri raket atəşinə tutur. Humanitar qaydalara əməl etməyən Ermənistan silahlı qüvvələrinin bu hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, 400-dən çox insan yaralanıb. Erməni vəhşiliyinin qurbanları arasında uşaqlar və qadınlar da var. Beynəlxalq hüquq təşkilatları da Ermənistanın dinc əhaliyə və mülki obyektlərə qadağan olunmuş kasetli bombalarla hücum etdiyini bəyan ediblər.

Məqalədə qeyd olunub ki, üç dəfə əldə olunmuş humanitar atəşkəsə belə əməl etməyən Ermənistan öz əsgərlərinin meyitlərini döyüş meydanından götürməkdən və əsirlərin dəyişdirilməsindən də imtina edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.