03
Noyabr

3 Noyabr

Xarici media

Misir mətbuatı Azərbaycan xalqının Vətən müharibəsi haqqında xəbərlər və videomateriallar yaymaqda davam edir. Ölkəmizin Misirdəki səfirliyi torpaqlarımızı düşmən tapdağından azad edən müzəffər Ordumuzun döyüş meydanında qazandığı qələbələr, ermənilərin dinc əhalini və mülki obyektləri hədəfə alması barədə yeni məlumatlar bu ölkənin, habelə ərəb dünyasının ictimaiyyətinə çatdırılır.

“Alvataneamag”, “Aldilomasy”, “Əl Vəsilə”, “Rayetmisr”, “Elghad” informasiya portalları və “Asiaelyoum” xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən əsas məqamları işıqlandırıb.

“Akhbarelyoum” qəzetinin saytında oktyabrın 31-də Ermənistanın diversiya qrupunun əsgərlərimiz tərəfindən məhv edilməsi barədə xəbər və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videomaterial yerləşdirilib. Həmçinin bu qəzetdə və nüfuzlu “Almasryalyoum” informasiya portalında Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinə məqsədli şəkildə edilən raket hücumları nəticəsində həlak olan vətəndaşlarımızın sayının 91-ə çatdığı, yaralananların sayının isə 400-dən çox olduğuna dair məlumatlar yayılıb.

Misirin “Gomhuriaonline” informasiya portalında isə Ermənistan silahlı qüvvələrinə məxsus “Su-25” təyyarəsinin zərərsizləşdirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı dərc olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.