03
Noyabr

3 Noyabr

Xarici media

ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbisinin təşkilatçılığı ilə noyabrın 1-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun qarşısında nümayiş keçirilib.

Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğun bildirib ki, əvvəlcədən erməni lobbisi nümayişə on minlərlə insanın qatılacağını bəyan etsə də, Los-Anceles Polis İdarəsinin rəsmi açıqlamasına əsasən, aksiyada cəmi 400-500 nəfər iştirak edib.

Baş konsulluq nümayişdən əvvəl Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu televiziya kanalları, radio və qəzetlərə mətbuat açıqlaması göndərib. Açıqlamada Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü, ölkəmizin şəhərlərini və mülki əhalisini hədəfə alması, kasetli bombalardan istifadə etməklə müharibə cinayətləri törətməsi bərədə məlumat verilib, Ermənistanın bu hərbi təcavüzü nəticəsində çox sayda dinc azərbaycanlının həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.

Bundan başqa, milyonlarla izləyicisi olan nüfuzlu “FOX” və “NBC” televiziya kanalları ermənilərin sözügedən nümayişi ilə bağlı hazırladıqları reportajda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevlə müsahibəyə də yer veriblər. Müsahibələrdə baş konsul Ermənistanın Bərdə şəhərinə kasetli bombalardan istifadə edərək raket zərbələri endirdiyini və nəticədə çoxlu sayda mülki əhalinin həlak olduğunu diqqətə çatdırır. N.Ağayev Ermənistanın kasetli bombalardan istifadə etməsi faktının “Amnesty International” təşkilatı tərəfindən də təsdiqləndiyini bildirir. Həmçinin baş konsul sentyabrın 27-dən bəri Ermənistan tərəfindən uşaqlar da daxil olmaqla, 91 mülki vətəndaşın qətlə yetirildiyini bildirir.

Qeyd edək ki, Qarabağ həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu fəaliyyətini davam etdirir. Sentyabrın 27-dən bəri baş konsul N.Ağayev ABŞ-ın bir sıra nüfuzlu televiziya kanallarına, o cümlədən “ABC”, “CBS”, “NBC”, “FOX”, “KTLA”, “TELEMUNDO”, “CURRENT TIME” kanallarına və “NPR/KCRW” radiosuna 20-dən çox müsahibə verərək, Ermənistanın işğalçılıq və təcavüz siyasəti barədə danışıb. Bundan başqa, bu müddət ərzində Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü, Gəncə və Bərdəyə raket hücumları, kasetli bombalardan istifadə etməsi, işğal olunmuş torpaqlarımızdakı mədəni irsimizə qarşı təcavüzkarlığı ilə bağlı baş konsulluq tərəfindən ingilis dilində 6 qısa film hazırlanıb. Filmlər sosial şəbəkələrdə geniş yayılaraq, ümumilikdə 3 milyona yaxın baxış toplayıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.