03
Noyabr

3 Noyabr

Xarici media

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlərdə əldə etdiyi qələbələri geniş işıqlandırır.

Agentlik Ermənistan tərəfindən uzun illərdir ki, işğal altında saxlanılan tarixi Azərbaycan torpaqları Dağlıq Qarabağın və ətraf rayonların azad olunması istiqamətində artıq bir aydan çoxdur ki, davam edən müharibə barədə malayziyalı oxuculara həm ingilis, həm də Malay dilində obyektiv xəbərlər çatdırır. Belə ki, agentliyin son məlumatlarında Azərbaycan hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistana məxsus SU-25 qırıcı təyyarəsinin məhv edilməsi barədə informasiya yer alıb. Bildirilir ki, bu, son dörd gündə Ermənistanın məhv edilən üçüncü hərbi təyyarəsidir.

Döyüşlərin gedişi ilə əlaqədar verilən digər məlumatda isə Azərbaycan Prezidenti İlham Əliyevin öz “Twitter” hesabında paylaşdığı daha bir neçə kəndin düşmən işğalından azad edilməsi barədə informasiya barədə xəbər verilir.

Həmin xəbərdə Azərbaycan Prezidentindən sitat gətirilərək deyilir: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Xəbərlərdə münaqişənin tarixi və səbəbləri barədə də malayziyalı oxuculara geniş məlumatlar çatdırılır. Qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarına 1988-ci ildə başlanıb. 1992-ci ildə iki keçmiş sovet respublikası arasında müharibəyə çevrilən münaqişə xarici havadarlarına arxalanan Ermənistanın qələbəsi ilə yekunlaşıb. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs elan olunsa da, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Dağlıq Qarabağda yaşayan separatçı ermənilər müstəqil respublika elan etsələr də bu qondarma “dövlət” heç bir beynəlxalq qurum və dövlət tərəfindən tanınmayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etsə də, Ermənistan hökuməti bu sənədləri icra etməyib.

Cari il sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçərək işğal altında olan torpaqları azad etməyə başlayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.