Xarici media
Özbəkistanın “kun.uz”, ”zamin.uz” və “azon.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü haqqında özbək və rus dillərində məqalələr yerləşdirib.
Dövlətimizin başçısının görüşdə cəbhədəki son vəziyyət barədə verdiyi məlumatlar, müharibənin ilk saatlarından başlayaraq Türkiyənin Azərbaycanın yanında olması ilə bağlı fikirləri məqalələrdə öz əksini tapıb.
Azərbaycan Prezidentinin çıxışından sitat gətirilən məqalələrdə deyilir: “Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk. Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir”.
“azon.uz” və “zamin.uz” portalları yazır: “Azərbaycan Prezidenti görüşdə bildirib ki, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərib. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilib, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış ərazisində keçirir”.