12
Oktyabr

12 Oktyabr

Yerli media

Düşmənin atəşi nəticəsində Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə böyük ziyan dəyib (Azərtac)

Ön xəttə Azərbaycan Ordusunun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini xaincəsinə artilleriya atəşinə tutur. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtər rayonunda da yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananar olub, evlərə, infrastruktura ciddi ziyan dəyib.

İlkin məlumata görə, Tərtər şəhərində və rayonun kəndlərində sakinlərə məxsus 91 ev dağılıb, 411 evə, 51 çoxmənzilli yaşayış binasına, 18 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksinə də düşmənin artilleriya atəşi nəticəsində böyük ziyan vurulub. Yaşayış kompleksində olan 34 yaşayış binasından 29-u, eləcə də uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, qazanxana, həkim məntəqəsi, musiqi məktəbi, orta məktəb yararsız hala düşüb. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.