09
Oktyabr

9 Oktyabr

Yerli media

Erməni faşistlərinin azərbaycanlı dinc əhaliyə qarşı təxribatları davam edir (Azərtac)

Erməni faşistlərinin azərbaycanlı dinc əhaliyə qarşı təxribatları davam edir.

Düşmən səhər saatlarında Füzuli rayonunun işğal altında olmayan yaşayış məntəqələrinə yenidən ağır artilleriyadan zərbələr endirib.

Atəşə məruz qalan kəndlərdən biri də Qarabağ kəndidir. Kəndə düşən mərmilər nəticəsində sakinlərdən bir neçə nəfəri xəsarət alıb. Bundan başqa, evlər dağılıb, mal-qara tələf olub, təsərrüfatlara ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Ermənistan silahlı qüvvələri dinc əhalini məqsədli şəkildə hədəfə alır, qadağan olunmuş mərmilərdən, o cümlədən fosforlu bombalardan istifadə edirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.