29
Sentyabr

29 Sentyabr

Baş Prokurorluq

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Sentyabrın 28-də saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. 

Fakta görə Cəbrayıl rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır. 

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.