26
Oktyabr

26 Oktyabr

Xarici media

Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə qarşı həyata keçirdiyi davamlı hücumlar səbəbindən bölgədə yaranmış gərginliyi gündəmdə saxlamaqda davam edir.

Prezident İlham Əliyevin oktyabrın 26-da Azərbaycan xalqına müraciəti Türkiyə KİV-ləri tərəfindən sürətlə yayılıb. Dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər, vəziyyətə dair mühüm məlumatlar, dünya ictimaiyyətinə ünvanlanan əhəmiyyətli mesajlar ayrı-ayrı media orqanları tərəfindən sərlövhəyə çıxarılıb, telekanallar tərəfindən subtitr vasitəsilə təqdim olunub. Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi barədə məlumatlar Türkiyə ictimaiyyətinin gündəlik həsrətlə gözlədiyi xəbərlərdir.

Türkiyə KİV-ləri yazırlar ki, Azərbaycan torpaqlarını işğaldan azad etməkdə israrlıdır. Rəşadətli Azərbaycan Ordusu tarixi missiyasını əzmlə həyata keçirir.

Yazılarda təcavüzkar tərəfin üçüncü dəfə atəşkəs qərarına xəyanət etməsi, dinc Azərbaycan əhalisinin davamlı atəşə tutulması, şəhər, qəsəbə və kəndlərimizin raket və artilleriya zərbələrinə məruz qalmasını müasir dövrün ən ağır hərbi vəhşiliyi olması barədə faktlar da təqdim edilir. O cümlədən erməni qadın və uşaqların savaşa cəlb olunması, PKK terrorçularına Azərbaycan hərbi formasının geyindirilməsi kimi halların dəyişməz erməni xisləti olduğu diqqətə çatdırılır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.