26
Oktyabr

26 Oktyabr

Xarici media

Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Prezidenti İlham Əliyev ölkə ordusunun Qubadlı şəhərini, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərini erməni işğalından azad etdiyini bildirən məlumatı paylaşıb.

Azərbaycan Prezidentinin rəsmi “Twitter” hesabında bu barədə paylaşdığı statusu “Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! ” sözləri ilə tamamlanıb.

Bununla yanaşı, məlumatda Azərbaycan Müdafiə Nazirliyinə istinadla Ordumuzun bazar günü Ermənistanın hərbi texnikasını və döyüş sursatını məhv etməsi də əksini tapıb.

Məlumatda deyilir: “Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 25-də günortadan sonra cəbhənin müxtəlif istiqamətlərində aparılan döyüşlər zamanı Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib. Bu zərbələr nəticəsində düşmənin 6 ədəd D-30 və 1 ədəd D-1 haubitsa silahı, 2 ədəd BMP (piyadaların döyüş maşını), 1 ədəd avtomobili və böyük miqdarda döyüş sursatı məhv edilib”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.