07
Oktyabr

7 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə kökləyir.

Bu gün dünyanın ən qüdrətli orduları sırasında ön yerlərdə dayanan Azərbaycan Ordusu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində ən müasir hərbi texnika və avadanlıqlarla təchiz edilib.

Ordumuza zəfər yürüşündə mənəvi dəstək olmaq və həmrəylik nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 305 min manat vəsait köçürüb.

Qeyd edək ki, FHN-in əməkdaşları davamlı olaraq könüllü surətdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.