09
Oktyabr

9 Oktyabr

Xarici media

Nüfuzlu “Arabnews” qəzeti Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan öz ərazi bütövlüyünün bərpa olunmasını tələb edir” sərlövhəli geniş məqaləsini dərc edib.

Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bu ildə artıq üçüncü dəfə Azərbaycana qarşı hərbi təxribata əl atması, əhalinin sıx yaşadığı sərhədyanı bölgələrdə mülki obyektləri və evləri artilleriya atəşinə tutduğu qeyd olunur. Azərbaycan Ordusu dinc əhalini düşmən hücumundan qorumaq üçün beynəlxalq hüquqa uyğun şəkildə təcavüzkara qarşı əks-hücuma başlayıb.

Müəllif qeyd edir ki, Ermənistanın yeni rəhbərliyi son iki il ərzində davamlı olaraq təxribatlar törədib, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin pozulmasına səbəb olub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə ətraflı bəhs edilən məqalədə vurğulanır ki, Azərbaycan ərazilərinin 20 faizini zəbt edən işğalçı Ermənistan həmin torpaqlarda etnik təmizləmə siyasəti aparıb, xalqımızın mədəni irsini, tarixi-mədəni abidələri, o cümlədən 63 məscidi dağıdıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə məhəl qoymayan təcavüzkar ölkə, eyni zamanda, münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə uzun illərdir davam edən danışıqlarda da qeyri-konstruktiv mövqe nümayiş etdirib.

Məqalədə ötən həftə - oktyabrın 7-dək Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Beyləqan və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində 30 dinc sakinin həlak olduğu, 150 nəfərin yaralandığı, 500-dən çox yaşayış binası və mülki obyektin dağıldığı diqqətə çatdırılır. Vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın gərginliyi artırması və təmas xəttində təxribatları barədə xəbərdarlıq etmişdi. Dövlətimizin başçısı müsahibələrində və xalqa müraciətlərində vurğulayıb ki, atəşin dayandırılması və sülhə nail olmağın yeganə yolu Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması üzrə konkret cədvəl təqdim etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycan xalqından üzr istəməsidir.

Diplomatımız yazıb ki, İslam aləmi və ərəb ölkələri Azərbaycanın haqlı mövqeyini daha fəal dəstəkləməlidirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.