Local media
Astaralı ziyalı: Şuşanın işğaldan azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir - Azərtac
Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi xəbərini verdi. Ölkəmizin bütün vətəndaşları kimi, astaralılar da bu şad xəbəri böyük sevinclə, qürur hissi ilə qarşılayıblar. Üçrəngli Azərbaycan və Türkiyə Respublikasının dövlət bayraqları ilə bəzədilmiş maşın karvanları ilə şəhər ərazisində yürüş edən astaralılar öz sevinclərini sanki hamı ilə bölüşmək istəyirdilər. Azərbaycanın cənub sərhədlərini qoruyan sərhədçilər isə bu qələbəni havaya yaylım atəşləri açmaqla qeyd etdilər. Şuşanın işğaldan azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.
Bu sözləri astaralı ziyalı, həkim-travmotoloq Rövşən İmamverdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
Atasının müəllim olduğunu, İkinci Dünya müharibəsində bir qolunu itirdiyini vurğulayan astaralı ziyalı, ermənilərin zaman-zaman yaşadıqları məkanlarda xəyanətkarlıqlarından atasından eşitdiklərini bir daha yada saldı: “Atam deyərdi ki, ermənilərə bel bağlamaq olmaz. Onlar harada yaşayıblarsa, həmin yerlərin sakinlərinə qənim kəsiliblər. Rus şairi Aleksandr Puşkinin ermənilər haqqında söylədikləri bu gün də öz aktuallığını saxlayır: “Sən köləsən, sən qorxaqsan, sən oğrusan, çünki sən ermənisən…”.
“Böyük Ermənistan” xülyası ilə yaşayan mənfur düşmənlərimizin bu gün Azərbaycan Ordusu qarşısında rəzil vəziyyətə düşdüyünü, bütün dünyadan imdad dilədiyini söyləyən R.İmamverdiyev haqq-ədalət savaşında şanlı Azərbaycan Ordusunun zəfər yürüşünün ermənilərin süquta uğradığını, bütün dünyada rüsvay olduğunu bildirib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu hərb tariximizə yeni səhifələr yazır. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş Qarabağ torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Bu gün bütün azərbaycanlılar kimi, astaralılar da Müzəffər Ali Baş Komandanın, Ordumuzun yanındadır!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”