Local media
Cəbrayıl sakini: İşğaldan azad edilmiş yurd-yuvamızda yenidən xoşbəxt, firavan həyat sürəcəyik - Azərtac
Sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təxribatlarına qarşı Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində digər ərazi və yüksəkliklərlə yanaşı, Cəbrayıl şəhəri və rayonun onlarla kəndi, Xudafərin körpüsü də düşmən işğalından azad edilib. Bu günlərdə cəbrayıllıların sevinci yerə-göyə sığmır.
Bu sözləri Masallı rayonunun Şərəfə kəndində məskunlaşan Cəbrayıl sakini Əli Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
İyirmi yeddi ildir ki, həsrətində olduqları Cəbrayıl rayonunun Əmirvarlı kəndinə qayıda biləcəklərini böyük sevinclə söyləyən Əli kişi doğma yurdundan ayrıldığı günü kədər hissi ilə yada salıb: “Cəbrayıl şəhəri işğal olunsa da, Arazboyu kəndlər qalmışdı. Üç tərəfdən mühasirədəydik. Çıxış yolumuz təkcə Xudafərin körpüsündən idi. Camaat İrana keçməklə canını qurtarmağa çalışırdı. Həyat yoldaşımı üç azyaşlı uşaqla Azərbaycan tərəfə ötürdükdən sonra mən atamla aşağı kənddə, İranla həmsərhəd ərazidə qaldıq. Deyirdilər ki, Arazboyu kəndlər istiqamətindən ordumuz hücuma keçəcək, mühasirəni yaracağıq. Ümidimiz vardı, gözləyirdik. Yuxarı tərəflərdə ermənilərlə ara-sıra atışmalar olsa da, hələ ki, qarşı tərəf hücuma keçmirdi. Bizimkilərdən isə xəbər-ətər çıxmadı. Gözümüz arxada qala-qala, kəndimizə baxa-baxa ayrıldıq... İrandan keçməklə əvvəlcə İmişli rayonuna, sonra Masallıya gəldik. Biz köç edəndən sonra - noyabrın 24-də Xudafərin kəndi və körpülər işğal olundu...”
Masallının Şərəfə kəndində məskunlaşdıqdan sonra “Sabir” adına sovxozda işləməyə başladığını vurğulayan Ə.Hüseynov burada şəxsi heyvandarlıq təsərrüfatı yaratdığını, övladlarının burada ailə qurduqlarını diqqətə çatdırıb.
66 yaşlı Əli Hüseynov sözünə davam edərək deyib: “Özümə dəbdəbəli ev tikmədim. Bilirdim ki, gec-tez yurdumuza qayıdacağıq. Doğma kəndimizin düşməndən azad edildiyi gün yaşadığım sevinc hissini sözlə ifadə edə bilmirəm. Hələ müharibənin ilk günündə azad olan ərazilərimiz sırasında Böyük Mərcanlının adı çəkiləndə, yəqin etdim ki, yaxın vaxtda kəndimizin də xoş xəbərini eşidəcəyik. 27 ildir ki, bu günü gözləyirdik. Bir an olsun belə Əmirvarlını unutmadım. Düzən yerdə, eyni zamanda, dəmir yolu və Laçın-Kəlbəcər yolunun üstündə yerləşən kəndimizin üst tərəfində çılpaq dağlar var. 4-5 kilometr uzaqlıqda yerləşən bulaqdan həyətlərə borular vasitəsilə su çəkmişdik. Yan Təpə ərazisində otlaq sahələrimiz vardı. Evin tək övladı olmuşam. “28 may” sovxozunda yem və taxılçılıq briqadiri işləyirdim. Buğda, arpa əkirdik, üzüm plantasiyaları salmışdıq. Atam Məhəmməd kişi şəxsi təsərrüfatında mal-qara bəsləyirdi.”
2006-cı ildə atası Məhəmməd Hüseynovun haqq dünyasına qovuşduğunu söyləyən Ə.Hüseynov bildirib ki, 89 yaşlı anası Həsiyyə Məmmədovanın, həyat yoldaşının, övlad və nəvələrinin arzusu tezliklə doğma ata-baba ocağına qayıtmaq, orada qurub-yaratmaqdır.
“Sevinirik ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş yurd-yuvamızda yenidən xoşbəxt, firavan həyat sürəcəyik. Düşmən bilir ki, artıq onların oyunu bitib. Məğlub Ermənistanın fantaziyası, “sudan quru çıxmaq” cəhdi bir nəticə verməyəcək. Əminəm ki, işğal altında olan digər şəhər, rayon və kəndlərimiz də Ali Baş Komandanın başçılığı ilə yağılardan azad ediləcək. Yolumuz Şuşaya, Xankəndinədir”, - deyə o qeyd edib.